
Payız mövsümündə qidalanmada yay vərdişlərini qorumaq orqanizm üçün gözlənilməz fəsadlar yarada bilər.
Foodinfo.az xəbər verir ki, nutrisioloq və anti-eyc terapevt Larisa Nikitina URA.RU-ya açıqlamasında soyuq havalarda bəzi yay məhsullarının istifadəsinin həm immuniteti zəiflədə, həm də artıq çəkiyə səbəb ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, insanların buraxdığı əsas səhvlərdən biri soyuq xörəklərin payızda da menyuda qalmasıdır. Okroşka, soyuq çuğundur şorbası, müxtəlif salatlar və dondurma orqanizmi daxildən sürətlə soyudur.
Bədən istiliyi bərpa etmək üçün əlavə enerji sərf edir ki, bu da iştahanın artmasına, nəticədə həddindən artıq yeməyə və çəki yığımına gətirib çıxarır. Nikitina əlavə edib ki, daxili soyuma prosesi immuniteti zəiflədir və orqanizmi viruslara qarşı daha həssas edir.
Onun sözlərinə görə, payız rasionunun əsasında isti yeməklər dayanmalıdır. Bu məqsədlə sümük bulyonunda hazırlanmış şorbalar, buğda və qarabaşaq sıyığı, qovrulmuş və ya bişmiş tərəvəzlər, isti salatlar menyuda üstünlük təşkil etməlidir.
Nikitina vurğulayıb ki, tərəvəzlərdən imtina etmək lazım deyil, sadəcə onları isti yeməklərlə birgə qəbul etmək həzm prosesini daha rahat edir. Bundan əlavə, zəncəfil, sarıkök, darçın kimi ədviyyatlar həm orqanizmi isidir, həm də iltihab əleyhinə təsir göstərir.