Son dövrlərdə həkimlər və dietoloqlar ən çox rast gəlinən sağlamlıq problemlərindən birinin şirniyyata həddən artıq maraq olduğunu bildirirlər. Foodinfo.az xəbər verir ki, rusiyalı nutrisioloq Qalina Leonova bu halın kökündə əslində emosional səbəblərin dayandığını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, psixoloji vəziyyət insanın qida seçimlərinə birbaşa təsir göstərir. Yəni çox zaman biz həqiqi aclıq hissi səbəbilə deyil, daxili gərginlik və ya əhval dəyişikliklərinə görə şirniyyatlara üz tuturuq.

Leonova qeyd edib ki, insanlar tez-tez stressi, darıxmağı, tənhalığı və ya hətta sevinc hissini belə yeməklə kompensasiya etməyə çalışırlar. Bu zaman şirniyyatlar “ən əlçatan təsəlli vasitəsi” kimi seçilir.

“Əhvalımız pis olanda, özümüzü yaxşı hiss etmədikdə şirniyyata sarılmaq sanki ani rahatlıq verir. Amma bu, problemin köklü həlli deyil, sadəcə qısa müddətli illüziya yaradır”, – deyə nutrisioloq vurğulayıb.

Həkim bildirib ki, bu cür davranış davam etdikdə həm psixoloji asılılıq formalaşır, həm də bədən şəkərin həddən artıq qəbulu ilə bağlı ciddi risklərə məruz qalır. Bunlara artıq çəki, insulin müqaviməti, diabet və ürək-damar problemləri daxildir.

Mütəxəssis insanların duyğularını idarə etməyi öyrənməsini, streslə mübarizədə şirniyyat əvəzinə daha sağlam üsullar seçməsini tövsiyə edir. Bunun üçün fiziki aktivlik, açıq havada gəzinti, meditasiya və ya sadəcə sevdiyiniz fəaliyyətlə məşğul olmaq faydalı ola bilər.

Leonovanın sözlərinə görə, emosional aclığı real aclıqdan ayırmağı bacarmaq hər bir insan üçün vacibdir. Çünki əks halda qida sadəcə enerji mənbəyi deyil, psixoloji təsəlli vasitəsinə çevrilir ki, bu da sağlamlıq üçün təhlükəlidir.