Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşərək həm özümüzün, həm də ətrafdakıların qanını qaraldırıq. Bəzən əsəblərimiz soyusa da, bəzən bu əsəb günlər, yaxud həftələrlə davam edir. Daxildə əsəb zamanla kinə çevrilir. Əksər vaxtlar əsəbdən sonra sakitləşən insan bunun ani hiss olduğunu hesab edir, elə də əhəmiyyət vermir. Çox vaxt isə əsəb insanda elə ani reflekslər yaradır ki, müxtəlif sakitləşdirici dərmanları qəbul etmək vacib olur. Bütün bu problemlərdən qurtulmaq və bir daha qarşılaşmamaq üçün həkim məsləhətinə daim ehtiyacımız olur. Buna görə də Qastroenteroloq-endoskopist Tərlan Qasımova müraciət etdik. Mütləq oxuyun və bu məsləhətlərə əməl etməyə çalışın. - Doktor, nevroloji problemlər hansı həzm sistemi xəstəliklərinə səbəb olur? - Nevroloji problemlər stress, depressiya orqanizmdə bütün orqanlara təsir etdiyi kimi, o cümlədən mədə-bağırsaq, həzm sisteminə də böyük təsir edir. Əsəb, sterss zamanı beyində xüsusi hormonlar  ifraz olunur ki, bu da sinir sistemi vasitəsi ilə mədə-bağırsaq sisteminə təsir edir. Nəticədə  bir sıra funksional pozuntular, xəstəliklər yaranır. Stress mədə reflüksünü artıran əsas səbəblərdən biridir. Stress nəticəsində qastrit,12 barmaq bağırsaq xorası (yarası) yarana bilir. Əsasən gənc yaşlı kişilərdə rast gəlinir. Buna stress mənşəli 12 barmaq bağırsaq xorası deyilir. Belə xəstələrdə həm yaranın simptomatik müalicəsi, həm də nevroloji müalicə  təyin olunmalıdır. Həmçinin stress zamanı “funksional dispepsiya “dediyimiz bir hal yaranır. Belə insanlarda müayinə zamanı heç bir anotomik  patologiya aşkar olunmur, sadəcə funksional pozuntu yaranır. Bu zaman erkən doyma, yeməkdən  sonra ağırlıq hissi, ürəkbulanma, mədədə göynəmə, köpün, stulun pozulması(qəbizlik ya ishal), üst orta qarın boşluğunda ağrılar yaşanır. Psixo- nevroloji pozuntusu olan insanlarda “ həssas bağırsaq sindromu “ilə tez-tez qarşılaşır. Bu xəstəlik 3 əlamətlə özünü biruzə verir. Göbək ətrafı ağrılar, həddən artıq köp, qaz və stulun pozulması (qəbizlik,yaxud ishal).  Bu xəstəliyin bir növü də spastik kolitdir ki, belə xəstələr adətən qəbzlikdən əziyyət çəkir. - Ümumiyyətlə, bu xəstəliklər hansı müddətə orqanizmdə baş verir? - Əlbəttə ki, uzun müddətli gərginlikdən yaranır. Xırda stresslər dərinləşdikcə orqanizmdə problemlər də baş qaldırır. - Hər hansı bir xəstəliyin müalicəsi üçün həkim xəstəyə dərman yazır. Əksər insan bilmir dərmanı necə içmək lazımdır. Hətta eləsi olur heç su içmədən dərmanı udur. Bu nə dərəcədə doğrudur? Bir həb üçün neçə ml su nəzərdə tutulur? - Əslində dərman 1 stəkan su ilə içilməlidir. Dərmanı susuz içmək olmaz! Bir qrup dərmanlar var ki, qida borusunda sıyrıntı, eroziya əmələ gətirə bilir. Hətta aspirin kimi dərmanların südlə içilməsi tövsiyyə olunur. Süd mədədə qələvi mühit yaradır,və selikli qişanın zədələnməsinin qarşısını alır. - Bəs çayla necə, dərman qəbul etmək olar? Çünki bəzən tələsgənlikdən dərmanı çayla da qəbul edirlər. - Dərman yalnız su ilə içilməlidir. Çayla da içilməsi düzgün deyil. - Qastrit nədir?. - Qastrit ümumi olaraq mədənin iltihabi xəstəliyidir. Qastritin bir neçə növü var. 1) A qrup qastrit .. Digər adı Atrofik qastrit. Əsasən yaşlı insanlarda rast gəlinir. Mədədə turşuluğun azalması prossesi ilə müşahidə olunur. Bu zaman mədənin dib hissəsi və cismi prosesə məruz qalır.,mədənin qanla təchizatı zəifləyir, selikli qişasının rəngi avazıyır divarında büküşlər düzləşir, qan damarları üzə çıxır. Bu, prekanserogen (xərçəngönü)  xəstəlik hesab olunur. Hər an mədə xərçənginə çevrilə  bilər! 2)B qrup qastrit. Əsasən mədənin çıxış hissəsində,turşuluğun artması ilə gedir. Əsas səbəbi H.Pilorice mədə bakteriyasıdır. 3)C qrup qastrit. Digər adı Reaktiv qastrit. Əsasən ödün mədəyə reflüksü və iltihabəleyhinə dərmanların uzun müddətli qəbulundan yaranır.  - Necə edək ki, mədə problemi yaşanmasın? - Səhər yuxudan oyanan kimi 1 stəkan su içmək, gün ərzində təbii və düzgün qidalanmaq mütləqdir! – Bəzi adamların mədəsində turşuluq artdıqda alma, günəbaxan tumu, qazlı su, yeyib ötüşdürürlər. Lakin turşuluq bu vasitələrlə aradan qalxmazsa, suya soda qatıb içirlər. Bu qarışığın insan orqanizminə ziyanı ola bilərmi?   - Soda ilə mədənin qıcqırmasını, turşuluğunu aradan qaldırmaq olar. Çünki soda mədədə qələvi mühit yaradıb, turşuluğu neytrallaşdırır və qısa zamanda şikayəti aradan götürür. Amma  bunu ardıcıl və müalicə məqsədilə etmək olmaz !  Mədədə qastrit, xora yarada bilər. Bunlar müvəqqəti çıxış yollarıdır. - Hansı qidalar mədədə qastriti ağırlaşdırır, hansılar yüngülləşdirir? - Qızartma, acılı, qazlı, fast-food, istiotlu, turşulu qidalar qastriti ağırlaşdırır. Yuxarıda sadaladığımız təbii qidalar isə yüngülləşdirir. Yaşlı adamlarda müşahidə olunan Atrofik qastritdə isə, mədədə turşu azaldığı üçün əksinə turş qidalar məsləhət görürük. - Qastritə tutulmuş insan neçə aya sağalır? Ümumiyyətlə, sağalırmı? - Mədə xəstəlikləri sağalan xəstəliklər sırasındadır. Bəzi xəstələrdə yaz-payız aylarında profilaktik olaraq qısamüddətli müalicə məsləhət görülür. Hər bir xəstəliyin müalicə müddəti fərqlidir. Ortalama müalicə müddəti 1 ay söyləmək olar. Bütün bu xəstəliklərdən yaranmaması üçün stressdən uzaq olmaq və düzgün qidalanmaq lazımdır! Günü pozitiv enerji ilə başlamaq, səhər yeməyi yemək mütləqdir.Səhər yeməyi günlük qida rasionunun 25%-ini təşkil etməlidir. Səhər yeməyində zeytun, pendir, şirin çay içmək məsləhətdir.