Həkim-kardioloq, tibb elmləri namizədi Fyodor Yevdokimov həddindən artıq ağır və bol qida qəbulunun ürək sağlamlığı üçün risk yarada biləcəyini bildirib. Foodinfo.az xəbər verir ki, mütəxəssis bu barədə Life.ru-ya açıqlamasında danışıb. Onun sözlərinə görə, insan nə qədər tox və ağır yemək yeyirsə, bir o qədər çox qan həzm sisteminə yönəlir. Bu zaman ürəyi oksigenlə təmin edən qan axını nisbətən azalır.

Həkim qeyd edib ki, ürək damarlarında qan dövranının zəifləməsi ciddi fəsadlara yol aça bilər. Xüsusilə ürək-damar sistemi ilə bağlı problemləri olan şəxslər üçün bu vəziyyət daha təhlükəlidir. Mütəxəssisin sözlərinə görə, bol qida qəbulundan sonra ürək daha çox yüklənir və bu da infarkt riskini artıra bilər. Bu səbəbdən yemək porsiyalarına nəzarət etmək vacibdir.

Yevdokimov vurğulayıb ki, sağlam ürək üçün əsas şərtlərdən biri də gün ərzində az-az, lakin balanslı qidalanmaqdır. Ağır və yağlı yeməklərdən xüsusilə axşam saatlarında uzaq durmaq tövsiyə olunur. Həkim həmçinin bildirib ki, düzgün qidalanma ilə yanaşı, fiziki aktivlik və stressin azaldılması da ürək sağlamlığının qorunmasında mühüm rol oynayır.

Mütəxəssislər xatırladırlar ki, qida seçimi və qəbul miqdarı yalnız çəkiyə deyil, eyni zamanda ürəyin uzunmüddətli sağlamlığına birbaşa təsir göstərir.