Quduzluq insan və heyvanlar üçün ciddi təhlükə törədən virus mənşəli xəstəlikdir. Xəstəlik törədiciləri ətyeyən vəhşi heyvanlardır. Bu heyvanlar sahibsiz itlər və digər heyvanlarla təmasda olduqlarından quduzluq xəstəliyinin yayılmasının qarşısının tam alınması mümkün olmamışdır. Müxtəlif məqsədyönlü tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bu xəstəliyə nadir hallarda olsa da, respublikamızda insan və heyvanlar arasında rast gəlmək mümkündür.
Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) hər ilin sentyabr ayının 28-ni dünyada quduzluqla mübarizə günü elan etmiş və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoymuşdur. WOAH-nin məlumatına əsasən, hər il dünyada 70 minə yaxın insan quduzluqdan dünyasını dəyişir. İnsanların 99 %-i bu xəstəliyə quduz itlərin dişləməsi ilə yoluxur. Vəziyyətin aktuallığı və ciddiliyi nəzərə alınaraq, hər il 28 sentyabr “Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günü” (World Rabies Day) kimi qeyd olunur.
Quduzluq xəstəliyinə diaqnoz epidemioloji məlumatlar, kliniki əlamətlər və laborator müayinələr əsasında qoyulur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitununun Mərkəzi Baytarlıq Laboratoriyası ölkə üzrə quduzluq xəstəliyinin müayinəsini həyata keçirən yeganə laboratoriyadır. Laboratoriyada quduzluq xəstəliyinin diaqnostikası WOAH tərəfindən təsdiqlənmiş müayinə üsulları vasitəsilə həyata keçirilir. Belə ki, quduzluq xəstəliyinin müəyyən edilməsində əsasən molekulyar diaqnostika üsullarından biri olan PZR (Polimeraz Zəncirvari Reaksiyasından) və IFR müayinə metodlarından istifadə olunur. PZR müayinə üsulunun əsas məqsədi patoloji materialda (xüsusən beyin nümunəsi) quduzluq virusunun təyin edilməsidir. IFR metodu isə quduzluq xəstəliyindən tələf olmuş heyvanların beyninin hər hansı bir hissəsindən götürülmüş nümunələrin hüceyrələrində Babeş-Neqri cisimciklərinin (antigenlərinin) aşkar olunmasından ibarətdir. Bu müayinə üsulları vasitəsilə quduzluq xəstəliyinin diaqnostikasının bir neçə saat ərzində həyata keçirilməsi mümkündür. Müayinələr mərhələli şəkildə laboratoriyanın yüksək ixtisaslı peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir.
Quduzluq xəstəliyindən qorunmaq və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşəbbüsünə töhfə verməklə xəstəliyin kökünün kəsilməsi məqsədilə it, pişik və digər ətyeyən heyvanların sahibsiz və nəzarətsiz saxlanılmasına yol verməmək, onların qeydiyyatdan keçirilərək baytarlıq mütəxəssisləri tərəfindən zəruri profilaktik tədbirlərə cəlb etmək tövsiyə olunur.
[gallery ids="50471,50472"]