Havanın isinməsi ilə birlikdə allergiya halları daha tez-tez müşahidə olunmağa başlayır və bir çox insan bu vəziyyəti soyuqdəymə ilə səhv salır. Halbuki bu iki hal arasında mühüm fərqlər var və onları düzgün ayırd etmək vaxtında düzgün müalicə üçün vacibdir.

Foodinfo.az mənbəyə istinadla xəbər verir ki, allergoloq-immunoloq Pavel Berejanski allergiya ilə soyuqdəyməni ayırmaq üçün əsas əlamətləri açıqlayıb. Onun sözlərinə görə, allergiya zamanı temperatur, bədən ağrısı, halsızlıq və baş ağrısı kimi ümumi intoksikasiya əlamətləri müşahidə olunmur. Əgər bu simptomlar varsa, daha çox virus infeksiyasından şübhələnmək lazımdır.

Ekspert bildirir ki, bu iki vəziyyətin müddəti də fərqlidir. Soyuqdəymə adətən bir neçə gün ərzində keçir, maksimum iki həftə davam edir. Allergiya isə çiçəkləmə mövsümü boyunca həftələrlə, hətta aylarla davam edə bilər.

Digər vacib məqam dərmanlara reaksiyadır. Əgər adi soyuqdəymə dərmanları təsir etmirsə, lakin antihistamin preparatlar qısa müddətdə vəziyyəti yüngülləşdirirsə, bu, allergiyanın göstəricisi ola bilər.

Həkim əlavə edir ki, allergiyanın tipik əlamətləri arasında burun tutulması və şəffaf axıntı, göz və burunda qaşınma, tez-tez asqırma tutmaları və göz yaşarması yer alır. Bu simptomlar xüsusilə açıq havada, quru və küləkli şəraitdə güclənir, qapalı məkana keçdikdə isə azalır.