Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib. Agentliyin sədr müavini Rəşad Mafusov Gürcüstanın Milli Qida Agentliyinin rəis müavini Vasili Basiladze ilə görüşüb. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Gürcüstan nümayəndə heyətinə məlumat verilib. Həmçinin görüşdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Gürcüstanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.