Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Pakistan İslam Respublikası Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqat Nazirliyinin nümayəndə heyətləri arasında onlayn görüş keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin imzalanması, qida məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının və baytarlıq nəzarətində olan yüklərə verilmiş baytarlıq şəhadətnamələrinin qarşılıqlı tanınması kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin və qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadiləsinin miqyasının daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Sonda bitki, bitkiçilik və digər fitosanitar nəzarətə aid məhsulların ikitərəfli ticarəti ilə əlaqədar sanitar və fitosanitar tədbirlər, həmçinin digər istiqamətlərdə əlaqələrin inkişaf edəcəyinə əminlik ifadə edilib.