Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Qırğızıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğızıstan Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin imzalanması, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə saziş layihəsinin hazırlanması, kənd təsərrüfatı məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Anlaşma Memorandumunun imzalanması bütün istiqamətlər, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı və qida təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaq.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edən görüşdə Azərbaycan və Qırğızıstan respublikaları arasında qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərin iki ölkənin ixrac-idxal əməliyyatlarının genişləndirilməsinə, qida və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin atırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.