Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit, Səhiyyə nazirliklərinin nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, görüşdə hər iki ölkənin səlahiyyətli qurumlarının fəaliyyəti haqqında təqdimat edilib, eləcə də iki qurum arasında ötən dövr ərzində görülmüş işlərə dair məlumat verilib. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinin imzalanmasının əhəmiyyəti vurğulanıb və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb. Baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin təşkili və bitki mühafizə vasitələrinin dövriyyəsinin izlənilməsi sahəsində təcrübə mübadiləsi, halal sertifikat ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin görüş zamanı “Qətər Dövləti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin imzalanması imkanları ilə bağlı danışıqlar aparılıb, sözügedən sazişin hazırlanaraq yaxın müddət ərzində müqabil tərəfə təqdim olunacağı diqqətə çatdırılıb.