Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Türkiyə Respublikasının Ankara şəhərində təcrübə səfərində olublar. Foodinfo.az xəbər verir ki, səfər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması, risk analizi, risk əsaslı idxal və ixrac, qida əlavələrinin qeydiyyatı, məhsulların izlənilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində Türkiyə təcrübəsi öyrənilib. Səfər zamanı qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tətbiqi, habelə bu sahədə həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.