Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.
Foodinfo.az-ın xəbərinə görə, görüşdə Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Eyni zamanda, AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları səfirin diqqətinə çatdırıb.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Meksika tərəfi Azərbaycana “Bachoco Ticarət Cəmiyyəti A.Ş.C.V”-nin quş əti məhsullarının ixracında maraqlı olduqlarını bildirib. Mikrobioloji, kimyəvi-toksikoloji və radioloji göstəricilərə dair Azərbaycan Respublikasında qüvvədə olan qaydalar, sanitariya və ya baytarlıq tələbləri, quş əti məhsullarının ixracı üçün riayət olunacaq və ixrac edən müəssisənin qeydiyyatından ötrü yerinə yetirilməli prosedurlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə idxal və ixrac məsələlərində konkret nəticələr əldə etmək üçün AQTA ilə Meksika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı Mallarının Keyfiyyəti, Təhlükəsizliyi və Sağlamlığı üzrə Dövlət Xidmətinin (SENASICA) əməkdaşlarından ibarət işçi qrupun yaradılması təklif olunub.
Görüş zamanı Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini AQTA-nın sədri Q.Təhməzli ilə ikinci dəfə görüşdüyünü xatırladaraq səmimi qəbullara görə təşəkkürünü bildirib. O, artıq Azərbaycanda səfir kimi fəaliyyətinin başa çatmaq üzrə olduğunu vurğulayaraq ölkəmizdə işləməkdən məmnun qaldığını ifadə edib. Səfir ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?