Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin avqust ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqustun 19-da saat 10:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki şəhəri və Qax rayonundan olan vətəndaşları qəbul edəcək. Foodinfo.az xəbər verir ki, vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 18-dək qəbula yazıla bilərlər. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.