Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin avqust ayı üzrə regionlarda vətəndaş qəbul qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqustun 19-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki şəhəri və Qax rayonundan olan vətəndaşları qəbul edib. Foodinfo.az-ın məlumatına görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Qeyd edək ki, vətəndaşların müraciətləri, əsasən, Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı olub. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb, Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb, eləcə də AQTA sədri qurumun Şəki regional bölməsinin fəaliyyətinə baxış keçirib. [gallery ids="49552,49553"]