Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. İşə qəbulla bağlı 2023-cü il yanvarın 12-də saat 10:00-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində namizədlərlə görüşün keçirilməsi nəzərdə tutulur. Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından olan qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik, bitki mühafizəsi, tibbi profilaktika, kimya, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçiriləcək görüşə qatıla bilərlər. Həmçinin AQTİ-nin laboratoriyalarında entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis, nümunə qəbulu üzrə mütəxəssis və kimyaçı vəzifələrində çalışmaq istəyən şəxslər də bu görüşdə iştirak etmək imkanına malikdirlər. Görüşdə iştirak edəcək namizədlərdən özləri barədə məlumatların əks olunduğu anket formasını (CV) gətirmələri xahiş olunur.