Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların modernləşdirilməsi, aparılan müayinələrin müasir tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir, laboratoriyaların beynəlxalq səriştəlilik sınaqlarında iştirakı təmin edilir. Foodinfo.az-a verilən məlumata görə, belə tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyası Rusiya Federasiyasının "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatının laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edərək uğurlu nəticə əldə edib. Belə ki, laboratoriyada tut çanaqlı yastıcası və qızılı kartof nematodu kimi zərərvericilərin diaqnostikası morfoloji metodla, kartofun qonur çürüməsi və kartof yumrularında həlqəvari bakterial çürümə kimi bitki xəstəliklərinin diaqnostikası isə real zamanda PZR müayinə metodu ilə aparılıb. Sınaq nəticələrində 100% dəqiqlik əldə edilib. Qeyd edək ki, İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyasının fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda bitkilər üçün zərəli olan orqanizmlərin aşkarlanması və diaqnostikasıdır. Laboratoriya tez və dəqiq diaqnostikanın təmin edilməsi məqsədilə karantin tətbiq edilən zərərli orqanizmlərin başqa dövlətlərin ərazisindən Azərbaycana keçməsinin və yayılmasının qarşısının alınması, etibarlı sertifikatlaşdırma sisteminin dəstəklənməsi ilə ölkədə istehsal olunmuş bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsi, eləcə də ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan Mərkəzi Fitosanitar Laboratoriyasının Rusiya Federasiyasının "Ümumrusiya Bitki Karantini Mərkəzi"nin təşkil etdiyi səriştəlilik sınaqlarında yüksək nəticə əldə etməsinin ölkəmizdə istehsal olunan bitkiçilik məhsullarının ixrac potensialının yüksəldilməsinə öz töhfəsini verəcəkdir.