Rusiya Federasiyasının “Respublika Fumiqasiya Təşkilatı” federal dövlət müəssisəsi rəhbərinin müavini Tamara Astarxanova Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Foodinfo.az-ın xəbərinə görə, görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində həyata keçirilən səmərəli əməkdaşlıqdan bəhs edilib, xüsusilə də laborator təcrübə üzrə bilik və bacarıqların inkişafı üçün müntəzəm şəkildə birgə tədbirlərin təşkilindən məmnunluq ifadə olunub. Qonağa AQTİ-nin fəaliyyət istiqamətləri və İnstitutun nəzdindəki laboratoriyalar barədə ətraflı məlumat verilib, həm paytaxtda, həm də regionlardakı laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb. Daha sonra “Respublika Fumiqasiya Təşkilatı” federal dövlət müəssisəsi rəhbərinin müavini Tamara Astarxanova Milli Referens və Kompleks Tədqiqatlar laboratoriyalarında olub. T. Astarxanova qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə aparılan laborator müayinə üsulları, ölçmə vasitə və avadanlıqları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıb. Görüşdə T. Astarxanova ölçmə, müşahidə və təhlillərin nəticələrinin etibarlılığına, dəqiqliyinə nail olunmasına dair öz bilik və təcrübəsini laboratoriya əməkdaşları ilə bölüşüb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. [gallery ids="49634,49635,49636"]