Pandemiya ilə əlaqədar hotellərdə açıq bufetdə xidmətin göstərilməsi dayandırılıb.
Foodinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, hazırda hotellərdə müştərilərə masa arxasında xidmət göstərilir: “Hazırda COVİD-19-a görə hotellərdə açıq bufetlər fəaliyyət göstərmir. Açıq bufetlər yoluxma riskini artıra bildiyindən hər hotel yalnız özü hazırladığı menyunu müştərisinə təklif edir və ofisiantlar onu müştərinin masasına gətirir”.
G.Qəhrəmanov əlavə edib ki, bu tədbir qonaqların və təchizatçıların mehmanxanalara səfəri nəticəsində yaranan fiziki təması minimuma endirmək məqsədilə həyata keçirilir.
O, hotellərə səfər edənlərin mehmanxanada tətbiq edilən tədbirlər, habelə məhdudiyyətlər barədə məlumatlandırıldığını da söyləyib.