Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanan Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) bir sıra modulları hazırlanaraq istismara verilmışdir.
Foodinfo.az-ın xəbərinə görə, Qida sahəsində fəaliyyət göstərən sahibkarlar AQTİS-də “Şəxsi kabinet”ə “ASAN İmza” və ya “ASAN Login” ilə daxil olurlar. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, dövlət reyestrində dəyişikliyin edilməsi, idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına, qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalına, bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materialların, həmçinin baytarlıq nəzarətinə aid məhsulların idxalına rəy verilməsi və idxalçının diri heyvan üçün tranzit müraciətləri bu sistem vasitəsilə həyata keçirilir. Ümumilikdə “Şəxsi k
vasitəsilə sahibkarlar Agentliklə olan münasibətlərini tənzimləyir, müraciətlərini edir və bu müraciətlərə elektron olaraq cavab ala bilirlər.
AQTİS-in yoxlamalar modulu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmaqdadır. Yoxlamalar zamanı şəffaflığı və operativliyi təmin etmək məqsədilə müfəttişlər yaxa kameraları və planşetlərlə təmin edilib. Yoxlamanın gedişi planşetlərdəki interfeys vasitəsilə sistemə daxil ediləcək və vahid məlumat bazasında toplanacaq. Planşetlərdəki yoxlama interfeysi oflayn və onlayn rejimdə işləməklə, məlumatların daimi daxil edilməsinə şərait yaradacaq. Yoxlama zamanı yaxa kamerası ilə emal olunan səs, video və şəkil sistemə əlavə ediləcək ki, bu da yoxlamalar haqqında şəffaf məlumat bazası formalaşdıracaq. Yoxlamalar zamanı sınaq nümunələrinin götürülməsi, inzibati cərimələrin yazılması, məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi və illik təftiş planları da sistem vasitəsilə icra ediləcək.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində olan sınaq laboratoriyalarında iş prosesinin avtomatlaşdırılmasını AQTİS-in laboratoriya modulu təmin edəcək. Bu modul vasitəsilə laboratoriyalar haqqında məlumat, tədqiq olunacaq nümunələrin qəbulu, tədqiqi və nəticələrin idarəedilməsi, laboratoriya mütəxəssislərinin məlumatları, obliqat qruplar üzrə məlumatlar, laboratoriya avadanlıqları barədə texniki və funksional göstəricilər, laboratoriyaların tələbatları və s. idarə olunacaq. Laboratoriyaya daxil olan bütün nümunələr barkod və ya QR-kod vasitəsilə nömrələnəcək ki, bu da nümunələrin gizliliyini təmin edəcək. Sistem vasitəsilə analitik hesabatlar və statistik məlumatlar əldə olunması keyfiyyətin idarəedilməsini, rentabelliliyin təhlili və risk əsaslı idarəetməni tənzimləyəcək.
AQTİS-in idxal–ixrac modulunda qida sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən bütün növ idxal və ixrac proseslərini idarə etmək mümkündür. Bu modulla idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalına, bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materialların idxalına, baytarlıq nəzarətinə aid məhsulların idxalına rəy verilməsi və idxalçının diri heyvan üçün tranzit müraciətləri həyata keçirilməklə bərabər bütün proses avtomatlaşdırılmış şəkildə icra olunur. Prosesin sonunda müraciətə uyğun olaraq sertifikatlaşdırma elektron şəkildə icra edilir və sahibkarın “Şəxsi kabinet”inə göndərilir. Bu proseslə əlaqədar bütün ödənişlər onlayn şəkildə HÖP üzərində həyata keçirilir. Modul Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə inteqrasiya edilib ki, bu da qurumlar arasında məlumat mübadiləsi, idxal–ixrac proseslərinin az vaxt ərzində şəffaf və operativ həyata keçirilməsinə təkan verəcək.
AQTİS-in funksionallığının genişləndirilməsi, məlumatların tamlığının qorunması və operativliyin təmin edilməsi məqsədilə digər dövlət qurumlarının informasiya sistemləri ilə məlumat mübadiləsi həyata keçirilir. Hazırki vaxtadək Vergilər Nazirliyindən VÖEN-in və Ədliyyə Nazirliyi ilə FİN məlumatların alınması, həmçinin “E-gov” portal, Səhiyyə Nazirliyi, “Asan İmza” və “Hökümət Ödəniş Portalı” ilə inteqrasiyalar uğurla yerinə yetirilir.
Həmçinin AQTA tərəfindən “Elektron hökümət”in inkişafı ilə əlaqədar olaraq iki istiqamət üzrə elektron xidmət hazırlanaraq “Elektron hökümət” portalına inteqrasiya edilib.
AQTİS-in infrastrukturunun və fəaliyyətinin dayanıqlığının təmin edilməsi məqsədilə və Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il tarixli “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanın 7.1. bəndinə uyğun olaraq, Agentliyin dövlət informasiya sistemləri (AQTIS serverləri) və ehtiyatları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində yerləşdirilib.
2021-2025-ci illər üzrə AQTİS-də bir çox yeni modulların hazırlanması da nəzərdə tutulmuşdur.