Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndə heyətləri arasında görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, AQTİ-də təşkil olunan görüşdə UFAZ-ın baş katibi Elizaveta Bydanovanın rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı qonaqlara ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər, nailiyyətlər barədə də məlumat verilib. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Həmçinin görüşdə bildirilib ki, UFAZ-la əməkdaşlıq çərçivəsində AQTİ-nin əməkdaşları Fransanın Strasburq Universitetində magistratura və doktorantura üzrə təhsil ala, eləcə də müvafiq araşdırmalar apara bilərlər.
Daha sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar Kompleks Tədqiqatlar Laboratoriyasında laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
[gallery ids="50740,50741"]