Azərbaycanda qızılgül istehsalını iki dəfə artıraraq 30 milyona çatdırmaq mümkündür və bununla da əsas ixrac bazarımız olan Rusiya bazarında yaranan boşluğu doldurmaq imkanı əldə edə bilərik.
Foodinfo.az xəbər verir ki, bunu“Report”a Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov Niderlandın Rusiyaya gül tədarükünü dayandırılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycanda qızılgüllərin illik istehsalı 15 milyon ədəd təşkil edir: "Bu güllərə yerli bazarın tələbatı təxminən 13-15 milyon ədədə bərabərdir. Amma başqa növ güllərin istehsal həcmi ilə bağlı dəqiq statistika yoxdur. Onların həcmi illik təqribən 5 milyona yaxın ola bilər".
C. Axundov hesab edir ki, qızılgül istehsalını 30 milyona çatdırılması əsasən bazar amillərindən aslı olan bir məsələdir: "Ölkəyə Kolumbiya, Ekvador, Cənubi Amerikadan idxal olunan güllərin həcmi azdır. Bazar əsasən yerli məhsullar hesabına formalaşır. Azərbaycanın ümumi gülçülük sektorunun yarıdan çoxunu dörd ən iri istixana komplekslərində (Zirədə, Qala kəndində, Qəbələdə və Şəmkirdə yerləşən) istehsal olunan qızılgüllər təşkil edir.
Başqa güllərə gəldikdə isə istixana şəklində yetişdirilən güllərlə yanaşı həyatyanı təsərrüftalarda da güllər yetişdirilir”.
Assosiasiya sədri qeyd edib ki, 2021-ci ilə Azərbaycan iki ölkəyə - Gürcüstana və Rusiyaya gül ixrac edib: “2022-ci ildə hələ ki, xaricdən sifarişimiz yoxdur. Yerli bazarda isə satışlar normal qaydada həyata keçirilir, sadəcə pandemiya səbəbindən gülə tələbat azalıb”.
O əlavə edib ki, Rusiyanın gül bazarı kifayət qədər böyükdür və 2020-ci ildə 1,5 milyard ədəd təşkil edib: "Rusiyanın gül almaq, hədiyyə kimi gül təqdim etmək mədəniyyətləri geniş yayılıb. Ona görə də, Rusiyanın daxili istehsalı kifayət qədər böyükdür, yerli şirkətlər son 5-10 il ərzində ölkədə bu sahənin inkişafına daha çox diqqət yetiriblər və çoxlu sayda müasir istixanalar yaradılıb.
İkinci məsələ isə dünyada gülçülük sahəsində əsaslı rəqabət var. Afrika ölkələrinin yetişdirdikləri qızılgüllərinin maya dəyəri çox aşağıdır. Həmçinin, Cənubi Amerikada dünyada qızılgüllərin yetişdirilməsi üçün gözəl iqlim şəraiti var. Təbii olaraq onlarla rəqabətə girmək çətindir, onların 30-50 hektarlıq plantasiyaları olur. Rusiya bazarında yerli istehsal olan qızılgül bu ölkələrin gülləri ilə müqayisədə daha baha satılır.
Bizimdə güllərin maya dəyəri onlarla müqayisədə baha başa gəlir. Azərbaycanın ixrac etdiyi qızılgüllər həm qiymət, həm keyfiyyət baxımından ümumiyyətlə Niderland qızılgülü ilə rəqabət aparır. Çünki bizim qızılgüllərimiz növ, istehsal mədəniyyəti və texnologiyası olaraq məhz Niderland qızılgülləri kimi keyfiyyətlidir”.
C. Axundov vurğulayıb ki, gülçülük sahəsi son zamanlar Azərbaycanda yenidən inkişafa başlayıb: “Sovet dövründə Bakının kəndləri - Maştağa, Nardaran, Şüvəlan tarixən gülçülük mərkəzi idi. Lakin gülçülük sahəsinin son illərdə ölkədə məşhurlaşması deməyə əsas verir ki, bu sahədə perspektiv var. Dövlət qurumları ilə əsasən bu sənayenin inkişaf etdirilməsi ilə bağlı daim müzakirələr aparılır”.
Qeyd edək ki, Niderland Rusiya təyyarələri üçün Ukrayna ilə münaqişə fonunda hava məkanını bağlayıb. Bu səbəbdən martın 8-nə nəzərdə tutulan və göyərtəsində 95 ton gül olan təyyarənin Yekaterinburqa uçuşu ləğv edilib. Yekaterinburq 2015-ci ildən Niderlanddan böyük çiçək partiyaları idxal edir. Məhsulların çəkisi və dəyəri hər il azalır. Belə ki, 2018-ci ildə şəhərə 5,4 milyon ABŞ dolları dəyərində 681 ton gül, 2021-ci ildə isə 3,8 milyon ABŞ dolları dəyərində 516 ton gül gətirilib.
Xatırladaq ki, “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası”nın 2021-c ildə təsis olunub.
Son xəbərlər
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?