“Hazırda 6-7 yaşında piylənməyə bağlı şəkərli diabetdən əziyyət çəkən xəstələrimiz var. Artıq bu xəstəlikdən əziyyət çəkənlərin yaş həddi getdikcə azalır”.  Foodinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib. O qeyd edib ki, bu ikisi, yəni piylənmə və şəkərli diabet bir-biri ilə əlaqəlidir. Həkimin sözlərinə görə, hazırda Azərbaycanda piylənmədən əziyyət çəkən və qeydiyyata düşən 13 yaşa qədər uşaqların sayı 1 126 nəfərdir. Onlardan 544 nəfəri qızlar təşkil edir. Həkimin sözlərinə görə, piylənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edənlərin sayı getdikcə artır: “Müraciət edənlərdən 190 nəfəri 2020-ci ildə qeydiyyata alınanlardır. Müraciətçilərin sayı getdikcə artır. 14-17 yaş arası 464 nəfər qeydiyyata alınıb. 18-29 yaş arasında bu göstərici 977 nəfər təşkil edir. 30 yaşdan yuxarı şəxslərin sayı isə 4 443 nəfərdir”.