Ağrılar bədənin müəyyən problemlərə və ya stres faktorlarına verdiyi cavabdır və müxtəlif səbəblərdən qaynaqlana bilər. Günlük həyatımızda tez-tez qarşılaşdığımız ağrılar bədənin işarə etdiyi bir sağlamlıq problemi ola bilər.
Foodinfo.az xəbər verir ki, fiziki və ya emosional stres əzələlərin gərginləşməsinə səbəb olaraq baş, boyun, çiyin və bel ağrılarına yol açır. Uzun müddət davam edən stress ağrıları xronik hal ala bilər.
Uzun müddət oturaq vəziyyətdə qalmaq, düzgün oturma mövqeyinə riayət etməmək, duruş pozğunluqları əzələ və oynaq ağrılarına gətirib çıxara bilər. Hərəkətsizlik bədəndəki qan dövranını zəiflədir, bu da ağrıların yaranmasına səbəb olur.
İdman zədələri, yırtıqlar, burxulmalar kimi travmalar da ağrıların baş verməsinə gətirib çıxarır. Zədə nəticəsində yaranan ağrılar bəzən dərhal, bəzən isə bir müddət sonra özünü göstərir.
Fibromiyalgiya, artrit, disk yırtığı kimi xronik xəstəliklər də ağrıların səbəbi ola bilər. Həmçinin, sinir sisteminə bağlı xəstəliklər sinir ağrılarına və həssaslığa yol açır.
Ağrılar hər zaman ciddiyə alınmalı və səbəbləri araşdırılmalıdır. Təkrarlanan və şiddətli ağrılar mütləq həkim tərəfindən qiymətləndirilməlidir.