"Ehtiyatlı olmalıyıq, hazırda vətəndaşlar arasında yayılmış virus bağça yaşlı uşaqlar üçün təhlükəlidir".
Foodinfo.az xəbər verir ki, bu sözləri açıqlamasında infeksionist Mərdan Əliyev deyib. O bildirib ki, buna səbəb balacaların belə viruslarla yeni tanış olmağıdır:
"Buna görə də tövsiyə edərdim ki, valideynlər bağça yaşlı uşaqları xəstə olan vaxt 15 gün bağçaya buraxmasınlar".
Həkimin sözlərinə görə, məktəbli uşaqlar üçün bu elə də ciddi problem sayılmır:
"Payız-qış mövsümündə kəskin respiratur xəstəliklərin sayı artır. Belə virusların sayı 200-ə qədərdir. Ən ağır forması isə qripdir.
Hazırda uşaqlar arasında qızdırma ilə müşayiət edilən boğaz ağrısı, burun tutulması və axması müşahidə edilir. Böyüklərdə isə qızdırma, demək olar ki, qalxmır. Bunların da əsas səbəbi günəşin aktivliyinin azalması, iqlim və hava dəyişkənliyidir. Xəstəliklərdən qorunmağın ən yaxşı yolu otağı mütəmadi havalandırmaqdır".
İnfeksionist belə vəziyyətlərdə vətəndaşlara qidalanmalarına fikir verməyi, təmiz hava qəbul edib, əyinlərini qalın geyinməyi tövsiyə edir.