Ukrayna hadisələri ilə əlaqədar Çexiyanın ən böyük pivə istehsalçıları tərəfindən  Rusiyaya pivə tədarükü dayandırılıb. Foodinfo.az xəbər verir ki, bu barədə çərşənbə günü “Lidove noviny” qəzeti məlumat yayıb. Söhbət "Plzensky Prazdroj", "Staropramen", "Budejovicky Budvar" və "Bernard" pivə şirkətlərindən gedir. Bu şirkətlər Rusiya Federasiyasına məhsulların göndərilməsi üçün sifarişlərin qəbulunu dayandırıblar. Çexiyanın digər içki istehsalçıları da boykota qoşula bilər. Çexiya pivəsi ixracının ümumi həcminin 10%-i Rusiyanın payına düşür. Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın qondarma Donbass republikalarının (DNR və LNR) suverenliyini tanıdığını bəyan edib. Onların rəhbərləri ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanıb. Cümə axşamı səhər Putin qondarma Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Rusiya lideri vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil.