Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib. “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olan “New Holland TC 5.90 HİLLSIDE” kombaynları ilə Yardımlı rayonunun yüksək dağlıq ərazidə yerləşən Ərsilə kəndində taxıl biçini həyata keçirilib.
Foodinfo.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il Yardımlı rayonunda 3549 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin mütləq əksəriyyəti relyefi çətin ərazilərdə yerləşir. Dağlıq ərazilərdə biçin xüsusi dağ kombaynları vasitəsilə həyata keçirilir.
Yaxın günlərdə Lerik, Cəlilabad, Şəmkir rayonlarının yüksək dağlıq ərazilərində dağ kombaynlarının iştirakı ilə kütləvi biçin başlayacaq.
Ərsilə kəndində biçin prosesi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması yekunda məhsuldarlığa müsbət təsir edir.
Ərsilə kəndinin zəmilərində bişindən sonra xüsusi riper avadanlığının köməyi ilə yay şumu aparılıb, fermerlərə yay şumunun əhəmiyyəti barədə məlumat verilib.
Qeyd edək ki, artıq ölkə üzrə 569716 hektar sahədə biçin prosesi başa çatıb.
Taxıl biçini davam edir.