Demans, xüsusən yaşlılıq dövründə tez-tez rast gəlinən bir haldır. Bunun qarşısını almaq və ya prosesin sürətini azaltmaq üçün bəzi qidalar beyin sağlamlığını dəstəkləyir və nevroloji funksiyaları qoruyur.

Foodinfo.az demansa qarşı qoruyucu təsir göstərən 6 əsas qidanı təqdim edir:

1. Balıq 

Somon, skumbriya, sardina və ton balığı kimi balıqlar omega-3 yağ turşuları (EPA və DHA) ilə zəngindir. Bu maddələr beyindəki iltihabı azaldır, sinir hüceyrələrinin qorunmasına və yeni əlaqələrin qurulmasına yardım edir.

2. Yaşıl yarpaqlı tərəvəzlər

Ispanaq, kələm, brokkoli, cəfəri kimi tərəvəzlər fol turşusu, K vitamini, antioksidantlar və beta-karotenlə zəngindir. Həftədə 5 və ya daha çox bu tərəvəzləri yemək zehni yaşlanmanı yavaşladır.

3. Qoz və digər çərəzlər

Qozun tərkibində omeqa-3, E vitamini və antioksidantlar var. E vitamini beyin hüceyrələrini zədələnmədən qoruyur və yaddaş gücləndirici təsirə malikdir.

4. Zeytun yağı 

Güclü antiinflamator və antioksidant təsir göstərir. MIND və Aralıq dənizi pəhrizlərində zeytun yağı əsas yer tutur və Alzheimer riskini azaldır.

5. Giləmeyvələr 

Bu meyvələrdəki flavonoidlər və antosiyaninlər yaddaşı gücləndirir, sinir əlaqələrini dəstəkləyir.

Tədqiqatlara görə, müntəzəm giləmeyvə yeyən yaşlıların zehni funksiyaları daha güclü olur.

6. Qara şokolad (ən az 70% kakao tərkibli)

Flavonoidlər, kofein və antioksidantlarla zəngindir. Qan dövranını yaxşılaşdırır, beynə daha çox oksigen və qida maddəsi daşınmasına kömək edir.

Süni şəkər, trans yağlar və ağ un məhsullarını azaltmaq, kifayət qədər su içmək, fiziki aktiv olmaq və yuxuya diqqət yetirmək demans riskini azaldan digər mühüm amillərdir.