Dişləri gündə iki dəfə fırçalamaq onun sağlamlığını qorumaq üçün kifayət deyil. Ağappaq və sağlam dişlərə sahib olmaq üçün diş minasına zərər verən qidalardan uzaq durmaq lazımdır. Mütəxəssislər deyirlər ki, yapışqan şirniyyatlar, sovurma konfetlər və turş meyvə quruları dişlər üçün ən zərərli qidalardır. Foodinfo.az xəbər verir ki, qida mütəxəssisi Seymur Qafarov bununla əlaqədar deyib: “Qazlaşdırılmış alkoqolsuz içkilərin tərkibi fosforla zəngin olduğuna görə dişin üst mina qatını aşındırır və turşu tərkibli maddələrin təsiri nəticəsində mina qatı yeyilərək dişlər sıradan çıxır. Xüsusilə sitrus meyvələrində pH göstəricisi 7-dən aşağı olduğuna görə dişlərin kök hissəsinə zərər yetirir və turşuluq nəticəsində dişlərin mina qatının üstündə məsamələr yaradır”. Şəkərli qidalarla yanaşı qazlı içkilər, şirələr, enerji içkiləri də dişlərin çürüməsinə səbəb olur. Stomatoloqlar deyir ki, dişlərin həssaslığını azaldan xüsusi pastalar çox yaxşı səmərə verir. Xüsusi müalicəvi gellər, kremlər və kopüklər isə yalnız stomatoloq tərəfindən təyin olunmalıdır. Həkim-stomatoloq Elvin Həsənli deyib: “Düzgün qidalanmamaq nəticəsində dişdə kariyes yaranır, mina qatı zəif olanda onun üzərində mikroorqanizmlər toplusu əmələ gəlir və onun yaranması ilə diş çürüməyə başlayır. Buna görə gigiyenaya düzgün əməl etmək, konservant qida qəbul edəndən sonra dişləri yuyanda aralarındakı qida qırıntılarını diş sapları ilə təmizləmək çox vacibdir”. Mütəxəssislər bildirirlər ki, dişlərin sağlam olması üçün onları gündə iki dəfə fırçalamaq daha yaxşı olar. Bundan başqa altı aydan bir həkimə müayinəyə getmək də tövsiyə olunur.