Göz altındakı qaralıq adətən yuxusuz gecələr və az yuxu nişanəsi sayılır. Bəs başqa səbəbləri ola bilərmi? Mövzunu BBC Future araşdırıb. Daha az tükü olan üzlərin üstünlüyü ondadır ki, parazitlərin gizlənmək üçün yeri az olur. Həmçinin təmiz dəridə tər bərabər yayılır və bizə sərinlik verərək işini effektiv şəkildə görmüş olur. Dərinin təmiz olması faktı da rahatlıq bəxş edir. Çəkinmədən qarşımızdakı insanlarla ünsiyyət qura bilirik. Təəssüf ki, təmiz dərinin də bir amması var: insanın yorğunluğunu dərhal hiss etdirir. Gözaltı torbaların yaranması çox zaman tibbi problem kimi qiymətləndirilmir. Kosmetik Dermatologiya jurnalında 2007-ci ildə dərc olunan bir məqalədə braziliyalı tədqiqatçı Fernanda Magagnin Freitag göstərib ki, bir çox pasientlər "qara halqaların həyat keyfiyyətini əks etdirən mühüm bir şey kimi qəbul edib narahatlıq keçirirlər". Dəri ilə bağlı problemlər psixoloji və ya emosional qəmginliyə səbəb ola bilər. Bu problemlər sağlamlıq üçün təhlükəli sayılmasa belə, insanlar çox zaman çarə axtarmağa başlayırlar. Çox güman ki, göz altı torbalar ardıcıl yuxusuz gecələrdən asılı deyil Təbii ki, "qara halqalar" və ya "gözaltı torbalar" tibbi termin deyil və oxşar görünüşlü bir neçə problemə şamil olunur. Tibbi adı "periorbital hiperpiqmentasiya" və ya POH-dur və tarixən dermatoloji tədqiqatların mövzusu olmadığına görə haqqında çox şey bilinmir. Bir şeydən isə əminik: gözaltı dəri son dərəcə nazik olduğuna görə çox şəffafdır. Bu da həmin hissədəki qan damarlarını daha qabardır və dərini tünd göstərir. "Kimsə mənə gözünün altındakı şişkinlikdən danışanda, onları görüb, müayinə etmək istəyirəm," UCLA-də dermatologiya üzrə rezident həkim olan Hayley Goldbach deyir. Çünki nazik dəri insanlarda POH yaradan səbəblərdən biridir. "Bu ya göz altlarındakı tünd piqmentləri, ya kölgə təsiri, ya da ki, həmin hissənin altında damarların qabarıqlığı ilə izah oluna bilər." Goldbach, həmin dərini dartmağı xoşladığını deyir. Əgər tündlük daha da pisləşərsə, səbəbkar altdakı vaskulyasiyadır. Yox əgər yaxşılaşarsa, problem dərinin boş və ya sallaq olmasından qaynaqlanır. Burun, göz və yanaq arasındakı hissəni dermatoloqlar göz yaşı çökəkliyi adlandırırlar. Çünki bu hissə yaş gözdən axdıqdan sonra, çıxış yolu rolunu oynayır. "Yaşlandıqca dəri altındakı piyi itiririk," Goldbach izah edir. Beləliklə göz yaşı çökəkliyi daha dərin görünür. Bu əslində optiki illüziyadır. Görünən qaralıq isə sadəcə olaraq, işığın üz konturlarının səthi boyunca əksidir. Göz yaşı çökəkliyi damcının üzümüz boyunca aşağı axmasını təmin edir Dermatoloqlar həm də rəng əsasında göz altındakı problemin səbəbini müəyyənləşdirə bilirlər. Əgər onlar mavi, çəhrayı və ya bənövşəyi çalardadırsa, rəngin dəri altındakı damarlardan gəldiyi zənn edilir. Əgər qəhvəyi tonda görünərlərsə, çox güman ki, dəridə artıq melanin piqmenti mövcuddur. Bu isə qara halqaların nadir səbabkarlarından hesab olunur. Amma Goldbach-a görə, gözaltı qaraltıların ən ümumi izahı quruluşla verilməlidir. Yəni, yaşa dolduqca dərialtı piy itir. Gözaltı torbaya sahib insanları yorğun göstərən də elə budur. Bu izahları isə az istirahət nəticəsində yaranan müvəqqəti torbalara aid etmək olmaz. "Gözaltı torbaların digər səbəbi isə ödəm və ya şişkinlikdir," Goldbach deyir. Bəzən səhər oyanarkən gözaltı dərinin normaldakından daha şişkin olduğu ilə rastlaşırıq. Duzu çox qidalar da gözlərimizi şişirdə bilər. Yatmamışdan qabaq qızarılmış kartof yesəniz, səhər gözaltı torbalarla oyanacaqsınız. Ultrabənövşəyi radiasiyanın POH-u artırdığı nəzəriyyəsi də mövcuddur. Eləcə də stress, alkoqol və tütünün təsiri. Fəqət 2016-cı ildə dermatologiya tədqiqatçısı Rashmi Sarkar, Klinik və Estetik Dermatologiya jurnalında qələmə aldığı yazısında deyir ki, bu iddialardan heç biri öz elmi əsasını tapmayıb. Gözləri ovuşdurmaq və ya ağlamaq ilə müşayiət olunan allergiyaların da POH yaratdığı söylənilir. Duzlu yemək də gözləri şişirdə bilər Duzlu yemək də gözləri şişirdə bilər Müvəqqəti olduğuna və səbəb kimi çoxsaylı misallar gətirildiyinə, eləcə də əksər dermatoloqların onu kosmetik və ya estetik problem gördüyünə görə POH barəsində kifayət qədər elmi araşdırma aparılmayıb və əlverişli müalicə üsulları haqqında bir söz demək də çətindir. Bazarlardan əldə olunan ağardıcı kremlər, kimyəvi pilinqlər və lazer terapiyası kimi üsullar mövcuddur. Bu hallarda turşular göbələklərdən və ekstraktlar armud ağaclarından əldə olunur. Dəriyə inyeksiya ilə yeridilən dolğu məhlulları da var. Bir də cərrahiyə üsulu mövcuddur. Hətta bir tədqiqatçı təxminən iki ay ərzində həftədə bir dəfə olmaqla gözaltına dəri altı inyeksiya vasitəsilə karbon dioksid yeridib və uğurlu alınıb. Bəzi tədqiqatçılar vitamin C tətbiqini də sınayıblar. Günəş şüalarına qarşı krem və UB örtüklü gün eynəkləri taxmaq kimi təklif irəli sürənlər də var. Sarkar deyir ki, "görünüşdə az və orta irəliləyiş belə, pasientin həyat keyfiyyətinin artmasına səbəb olur". Daha çox dəlil tapılana qədər bəlkə də qara halqaları müdrik simanın göstərici kimi qəbul edib sevməyə dəyər. (Milli.az)