Axşam yeməyindən sonra yaranan ağırlıq və həzm problemləri bir çox insanı narahat edir. Mütəxəssislər isə bildirir ki, bu diskomfortu aradan qaldırmaq üçün çox sadə və əlçatan bir qida kifayət edə bilər.
Foodinfo.az El Economista saytına istinadla xəbər verir ki, dietoloq Oskar Urtado axşam yeməyindən sonra sobada bişmiş alma yeməyi tövsiyə edir. Onun sözlərinə görə, bu sadə vərdiş həzm sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
Ekspert qeyd edir ki, alma tərkibində olan pektin maddəsi bağırsaqlar üçün olduqca faydalıdır. Bu maddə zərərli mikroorqanizmləri özünə “bağlayaraq” onların orqanizmdən təbii yolla xaric olunmasına şərait yaradır. Nəticədə həzm prosesi daha rahat və effektiv şəkildə baş verir.
Bundan əlavə, bişmiş alma güclü antioksidant mənbəyi hesab olunur. Bu maddələr hüceyrələri oksidləşdirici stressdən qoruyur və ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.
Mütəxəssislər bildirir ki, xüsusilə darçın əlavə olunmuş bişmiş alma həm dadlı, həm də sağlam seçimdir. Bu kombinasiya axşam saatlarında yüngül və faydalı qida kimi həzm sisteminə əlavə yük yaratmadan orqanizmə müsbət təsir göstərir.






