Aparılan son araşdırmalar göstərir ki, C vitamini ilə bağlı cəmiyyətdə formalaşmış bir çox fikirlər həqiqəti əks etdirmir. Foodinfo.az bildirir ki, alimlər bu vitamin ətrafında yayılmış yanlış təsəvvürləri təhlil edərək onların sağlamlıq baxımından risklərini açıqlayıblar. Mütəxəssislərin sözlərinə görə, düzgün məlumatlanma həm qidalanma, həm də immun sisteminin qorunması üçün vacibdir.

İlk geniş yayılmış mifə görə, nə qədər çox C vitamini qəbul edilərsə, immunitet bir o qədər güclü olar. Halbuki bu belə deyil. Yetkin kişilər üçün gündəlik norma təxminən 90 mq, qadınlar üçün isə 75 mq təşkil edir. Bu göstəricidən artıq qəbul edilən vitamin orqanizm tərəfindən xaric olunur. Həddindən artıq doza isə qarın ağrısı, baş ağrısı, yuxusuzluq və hətta böyrək daşları kimi problemlərə səbəb ola bilər. Digər bir yanlış fikir sitrus meyvələrinin əsas C vitamini mənbəyi olmasıdır. Əslində isə itburnu, qırmızı bibər, qara qarağat və kivi kimi məhsullar bu baxımdan daha zəngindir.

Araşdırmada həmçinin qeyd olunur ki, termiki emal olunmuş qidaların tam faydasız olduğu düşüncəsi də yanlışdır. Düzgün bişirmə üsulları – buxarda hazırlama və ya sobada bişirmə zamanı vitaminlərin böyük hissəsini qorumaq mümkündür. Bundan başqa, tərəvəzlərin əvvəlcədən doğranması da tövsiyə edilmir, çünki hava ilə təmas nəticəsində C vitamininin əhəmiyyətli hissəsi itir. Digər bir mif isə səhəri portağal şirəsi ilə başlamağın ən sağlam seçim olması ilə bağlıdır. Mütəxəssislər bildirir ki, bu içki acqarına qəbul edildikdə mədə selikli qişasını qıcıqlandıra və qanda şəkərin sürətlə artmasına səbəb ola bilər. Ən faydalı seçim isə bütöv meyvənin istehlakıdır.