Mətbəxdə istifadə olunan kəsmə taxtasının seçimi qida təhlükəsizliyi baxımından mühüm rol oynayır. Yanlış materialdan hazırlanmış taxtalar bakteriyaların çoxalmasına səbəb olur və sağlamlıq üçün risk yaradır.
Foodinfo.az xəbər verir ki, taxta kəsmə taxtaları ən sağlam seçimlərdən biri hesab olunur. Təbii ağacdan hazırlanan bu taxtalar bakteriyaların səthdə uzun müddət qalmasının qarşısını almaq xüsusiyyəti ilə seçilir. Bundan əlavə, taxta səthlər bıçaqları daha az zədələyir və düzgün qulluq edildikdə uzun müddət istifadə oluna bilir.
Plastik kəsmə taxtaları isə praktikliyi ilə seçilir və yuyulması asandır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, zamanla üzərində yaranan cızıqlar bakteriyaların toplanmasına şərait yaradır. Bu səbəbdən plastik taxtaların mütəmadi olaraq dəyişdirilməsi vacib sayılır.
Şüşə və mərmər kəsmə taxtaları gigiyenik görünsə də, istifadəsi o qədər də məsləhətli deyil. Bu materiallar bıçaqların tez kütləşməsinə səbəb olur və sürüşkən səthləri səbəbindən təhlükə yarada bilər.
Ən təhlükəsiz seçim kimi taxta kəsmə taxtalarına üstünlük verilməli, istifadə sonrası yaxşı yuyulmalı, qurudulmalı və vaxtaşırı xüsusi yağlarla qulluq edilməlidir.






