Enerji içkiləri xüsusilə gənclər arasında geniş yayılıb. Foodinfo.az bildirir ki, bu barədə terapevt Tatyana Fokina “Izvestiya” qəzetinə danışıb. Onun sözlərinə görə, bu içkilər yüksək miqdarda kofein və şəkər ehtiva etdiyi üçün sağlamlıq üçün risklidir. Fokina bildirib ki, gündə bir bankadan çox enerji içkisi istehlakı ürək döyüntüsündə artım və yuxusuzluq yarada bilər. Araşdırmalar göstərir ki, bu məhsullar yüksək qan təzyiqi və ürək ritm pozuntuları ilə əlaqələndirilir. Xüsusilə 18 yaşdan kiçiklər və hipertoniya xəstələri üçün ciddi təhlükə yaradır.
Həkim qeyd edir ki, bu içkilər qısa müddətli "gümrahlıq" effekti yaratsa da, uzunmüddətli yorğunluğa səbəb olur.

Enerji içkilərindəki taurin və digər stimulyatorlar hələ də tam öyrənilməyib. Fokina xəbərdarlıq edir ki, bu məhsulların spirtli içkilərlə birlikdə istifadəsi xüsusilə təhlükəlidir. Bəzi ölkələrdə enerji içkilərinin satışına yaş məhdudiyyəti qoyulub. Tatyana Fokina hər kəsi təbii alternativlərə, məsələn, limonlu suya və ya yaşıl çaya üstünlük verməyə çağırıb. O, enerji içkilərinin "qəfil ölüm riski" ilə də əlaqələndirilə biləcəyini vurğulayıb.