Fast-food qidaları müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilsə də, onların həzm sistemi üzərində yaratdığı mənfi təsirlər ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu qidalar çox zaman yüksək yağlı, duzlu və karbohidratla zəngin olur ki, bu da həzmi çətinləşdirir və bağırsaq fəaliyyətində ləngimələr yaradır. Süni qatqı maddələri və konservantlar isə bağırsaq florasının pozulmasına səbəb olur.

Foodinfo.az xəbər verir ki, fast-food yeməkləri tez-tez qəbizlik, köp, diskomfort kimi simptomlara səbəb olur. Uzunmüddətli istifadəsi isə xroniki qəbizlik və həzm problemlərinə gətirib çıxara bilər. Bundan əlavə, bu tip qidaların tərkibindəki trans yağlar mədə turşusunun ifrazını artıraraq qastrit və reflüks kimi problemlərin yaranmasına zəmin yaradır.

Həddindən artıq yağlı və ağır yeməklər bağırsaq peristaltikasını zəiflədir, yəni qidanın bağırsaqlardan keçməsi yavaşlayır. Bu isə zərərli maddələrin orqanizmdə daha uzun müddət qalmasına səbəb olur. Bağırsaq mikroflorası fast-foodla qidalanmada balanssızlaşır və bu da immun sisteminin zəifləməsinə səbəb olur.

Bundan başqa, fast-food qidalar qida lifləri baxımından kasaddır. Liflər bağırsaq fəaliyyətinin normal olması üçün vacibdir. Onların çatışmazlığı bədəndə toksinlərin yığılmasına və mədə-bağırsaq sistemində problemlərə səbəb olur.