Sağlamlığı möhkəmləndirən ən ideal qidalardan biri düşündüyünüzdən daha sadə ola bilər. Foodinfo.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, gastroenteroloq Sergey Vyalov yüksək keyfiyyətli zülal, kalsium və digər vacib qida maddələrini özündə birləşdirən ən yaxşı məhsulun məhz kəsmik olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, kəsmiyin tərkibindəki kazein əzələləri uzun müddət qidalandırır və bədənin gecə boyu enerji balansını dəstəkləyir. Vyalov vurğulayıb ki, bu məhsul həmçinin sümük toxumasının möhkəmlənməsində böyük rol oynayan kalsiumla zəngindir.

Gastroenteroloq kəsmiyin probiotik xüsusiyyətlərinə də diqqət çəkib və bildirib ki, müntəzəm istifadəsi bağırsaq mikroflorasının sağlam qalmasına yardım edir. Onun sözlərinə görə, bu proses həm immunitetin güclənməsinə, həm də maddələr mübadiləsinin daha sabit olmasına təsir göstərir. Mütəxəssis kəsmiyin mərkəzi sinir sisteminə olan müsbət təsirini də xüsusi olaraq qeyd edib.

Vyalov kəsmiyin qəbul vaxtının da böyük əhəmiyyət daşıdığını deyib. O bildirib ki, bu məhsulu axşam saatlarında yemək bədən üçün daha səmərəlidir, çünki gecə ərzində əzələ zülalının sintezini aktiv saxlayır və eyni zamanda turşuluq yaratmadan rahat həzm olunur.

Onun sözlərinə görə, aparılan müşahidələr kəsmiklə bağlı mövcud olan hormon miflərini də təkzib edir və bu məhsulun qaraciyər, metabolizm və ümumi sağlamlıq üçün çoxsaylı üstünlüklərini təsdiqləyir. Vyalov əlavə edib ki, keyfiyyətli kəsmik həm gündəlik qidalanmada, həm də idmanla məşğul olanlar üçün mühüm rol oynaya bilər.

Ekspert eyni zamanda xəbərdarlıq edib ki, tamamilə yağsız kəsmikdən istifadə etmək düzgün seçim deyil. Onun fikrincə, yağsız variantlarda qida maddələrinin sorulması xeyli zəifləyir və məhsul bədən üçün əvvəlki qədər faydalı olmur.