Aralıq dənizi pəhrizi formalaşmış yemək qaydası ürək-damar sağlamlığını qorumaqda ən əlverişli seçim sayılır. Foodinfo.az Lenta.ru-ya istinadla xəbər verir ki, “SM-Klinika” tibb mərkəzinin kardioloqu Anastasija Fomiçeva bu yemək tərzinin xüsusilə faydalı olduğunu bildirib.

Xəbərə görə, həkim qeyd edib ki, Aralıq dənizi yemək qaydasının əsasını balıq, dəniz məhsulları, liflə zəngin tərəvəz və meyvələr təşkil edir. O bildirib ki, bu qidalar həm qanın sağlam dövranını qoruyur, həm də ürəyin yükünü azaldır. Fomiçeva vurğulayıb ki, gündəlik rasionda bitki mənşəli qidalara üstünlük verilməsi damarların elastikliyini artırır və uzunmüddətli sağlamlıq üçün möhkəm baza yaradır.

Kardioloqun sözlərinə görə, yalnız düzgün yemək vərdişləri kifayət etmir. O, siqaretdən tam imtina etməyin vacibliyini xatırladıb və gərginliklə mübarizə aparmağı öyrənməyin orqanizm üçün böyük əhəmiyyət daşıdığını deyib.

Mütəxəssis əlavə edib ki, müntəzəm bədən tərbiyəsi ilə məşğul olmaq, sürətli gəzinti etmək və gündəlik hərəkət miqdarını artırmaq ürəyin daha sağlam işləməsinə kömək edir. Onun fikrincə, bu sadə qaydalar uzun illər ərzində həm ürək ritmini, həm də ümumi sağlamlığı qoruyur.