Adətən, yayda günəş dərimizi yandıranda ilk yardım məqsədi ilə üzərinə qatıq və ya xama çəkirik. Lakin həkimlər xəbərdarlıq edir ki, bu ağartı məhsullar yanmış dərini daha da zədələyə bilər. Foodinfo.az bildirir ki, Moskva Dermatonevrologiya və kosmetologiya elmi-praktik mərkəzin baş həkimi Olqa Jukova bu barədə mifləri dağıdıb və səbəbini izah edib. "Qatıqda qatıq göbələyi var, bu məhsullar dəridə bakterioloji infeksiya törədə bilər. Xamanın tərkibində isə böyük miqdarda yağ var. Yanığın üzərinə yağ çəkəndə o daha da pisləşir, yəni yanıq daha da artır", - Jukova deyib. Həkim həmçinin günəş yanıqlarında spirt tərkibli losyon və digər kosmetoloji vasitələrin istifadəsi ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, bu vasitələr dərini əlavə olaraq qurudur, bu isə zədəni dərinləşdirir. Günəşdə yanmış dərini sabunla yumaq da olmaz. Bəs nə etməli? Həkim bildirib ki, günəşdə dəriniz yandıqda ona dərhal soyuq kompreslər edin. Yumşaq parçanı soyuq suda isladın və zədələnmiş yerlərə qoyun. Kompresləri tez-tez dəyişin. Bunu 10-15 dəqiqə ərzində edin. Daha sonra zədələnmiş dəriyə yanığa qarşı xüsusi sprey vurmaq olar. Əgər günəş yanığı güclü ağrı verir və hərarət yüksəlirsə, o zaman dərhal həkimə müraciət etmək gərəkdir.