Gürcüstan hökuməti ölkənin buğda ununa olan tələbatını ödəmək üçün təcili olaraq yeni xarici bazar tapmalıdır. Foodinfo.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri “Gürcüstan üçün Lelo” siyasi birliyin liderlərindən biri Qiqi Mikautadze deyib. Onun fikrincə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər. Siyasətçinin sözlərinə görə, Gürcüstan ən çox Rusiyadan buğda alır. Rusiya da koronavirusa görə, buğda ixracını məhdudlaşdırmağı planlaşdırır. “COVID-19 virusuna görə, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi buğda ixracını 7 milyon tonadək azaltmaq niyyətindədir. Gürcüstan 2019-cu ildə Rusiyadan 90 milyon ABŞ dolları dəyərində 430 min ton taxıl alıb. Bu da Gürcüstanın ümumi taxıl idxalının 87 faizini təşkil edib”, - deyə Q.Mikautadze vurğulayıb. O deyib ki, koronavirusun yaratdığı problem ilk növbədə ərzaq təhlükəsizliyini irəli çəkib. Ona görə də, Gürcüstan hökuməti bu məsələyə xüsusi diqqət yetirməlidir. Rəsmi statistikaya görə, son illər Gürcüstanda taxıl əkini son 10 ildə ən aşağı həddə düşüb. Sahələrdən toplanan taxıl ehtiyacların cəmi 15 faizini təşkil edir, məhsulun qalan 85 faizi isə xaricdən idxal olunur.