Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP- Hazard analysis and critical control points) qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir.
Qeyd edək ki, bu Qaydalar müvafiq prinsiplərə uyğun olaraq, qida subyektləri üçün qida məhsulları üzrə gigiyena tələblərini müəyyən edir. Bu prinsiplərdən biri ekvivalentliliyin (qida məhsullarının qüvvədə olan digər texniki normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə cavab verməsi) qabaqcıl gigiyena təcrübəsinə dair təlimatlara, qida gigiyenası qaydalarına və HACCP prinsiplərinə uyğunluğunun təmin edilməsi ilə bağlıdır.
Onu da bildirək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün mütəmadi olaraq HACCP mövzusunda təlimlər təşkil edilir. Təlimlərdə HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilir.