
Qəhvə dünya üzrə ən çox istehlak edilən içkilərdən biridir. Səhər yuxudan ayılmaq üçün, iş zamanı diqqəti toplamaq üçün və ya sadəcə zövq almaq üçün içilən qəhvənin həm faydaları, həm də potensial zərərləri var. Xüsusilə bəzi növ və hazırlanma üsulları düzgün şəkildə istehlak edilmədikdə sağlamlıq üçün riskli ola bilər.
Foodinfo.az xəbər verir ki, hazır (instant) qəhvələr ən asan hazırlanan qəhvə növlərindən olsa da, tərkibində çox miqdarda qatqı maddələri, dadlandırıcılar, süni ətirlər və şəkər ola bilər. Bu isə uzunmüddətli istifadədə mədə problemi, qan şəkərinin yüksəlməsi və artıq çəki kimi risklər yarada bilər.
Süni şirinləşdirici ilə hazırlanan qəhvələr “diyet” qəhvələr adlandırılsa da, tərkibindəki süni şirinləşdiricilər (aspartam, sukraloz və s.) bəzi insanlarda bağırsaq florasına zərər verə, baş ağrısı və sinir sistemində narahatlıq yarada bilər.
Çox tünd içilən qəhvələr - kofein dozasının yüksək olduğu espresso və türk qəhvəsi kimi növlər gündə 3-4 fincanı keçdikdə ürək döyüntüsünü sürətləndirə, təzyiqi yüksəldə və yuxusuzluğa səbəb ola bilər. Xüsusilə hipertoniya, panik atak və ya aritmiya yaşayanlar üçün təhlükəlidir.
Südlü və kremli qəhvələr (latte, mocha və s.) - bu növ qəhvələrə əlavə edilən şəkərli siroplar, süni krem və karamel əlavələri kalori miqdarını ciddi şəkildə artırır. Uzun müddətli istehlak insulin müqaviməti, piylənmə və qaraciyər yağlanması riskini yüksəldə bilər.
Marketlərdə satılan hazır soyuq qəhvələr adətən şəkər, konservant və süni kofeinlə zəngindir. Bu içkilərin tərkibi bəzən energetik içkilərə bənzəyir və qısa müddətli enerji partlaması verib sonra yorğunluq və diqqət dağınıqlığı yaradır.
Bəzi insanlarda kofein sürətli parçalanmadığına görə, az miqdarda belə qəhvə içdikdə narahatlıq, titrəmə, yuxusuzluq və hətta depressiv hallar yaşaya bilirlər. Bu halda aşağı kofeinli və ya dekofeinləşdirilmiş (decaf) qəhvələrə üstünlük verilməlidir.