Azərbaycanda fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb. Foodinfo.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov rayonları ərazisində fəaliyyət göstərən “Gülüstan”, “Sofiya”, “Şəki”, Sumqayıt şəhərində “SV Beach”, “Sevgilim”, “Sultan”, Gəncə şəhərində isə “İdeal”, “Şəms”, “Şahzadə” ictimai-iaşə obyektlərindən havaya normadan artıq tullantı atıldığı müəyyən olunub. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən obyekt sahibləri cərimə edilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoran və şadlıq saraylarının sahiblərini havanı çirkləndirməməyə, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə çağırıb. Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.