
İmmunitet sistemi orqanizmin təbii müdafiə qalasıdır. Bizi viruslardan, bakteriyalardan və digər zərərli mikroorqanizmlərdən qoruyur. Xəstələnməmək və sağlam qalmaq üçün immunitet sisteminin güclü olması çox vacibdir.
Foodinfo.az immunitet sistemini gücləndirməyəin yollarını təqdim edir:
1. Sağlam və balanslı qidalanma
İmmunitetin əsas dayağı düzgün qidalanmadır. Vitamin, mineral və antioksidantlarla zəngin qidalar bədəni gücləndirir.
Bədəni gücləndirən məhsullar:
- C vitamini – portağal, limon, kivi, brokoli, bibər
- D vitamini – yumurta, balıq, günəş şüası
- Sink – qoz-fındıq, mərcimək, ət, kəpəkli məhsullar
- Probiotiklər – qatıq, kefir, turşu (bağırsaq florası üçün)
Qızartmadan və hazır qidalardan uzaq durmaq immunitet üçün əsl töhfədir.
2. Fiziki aktivlik
Müntəzəm fiziki fəaliyyət qan dövranını yaxşılaşdırır, stressi azaldır və immun hüceyrələrin daha effektiv işləməsinə kömək edir. Gündə ən azı 30 dəqiqə orta intensivlikdə yürüş, rəqs, idman və ya yoga ilə məşğul olmaq lazımdır.
3. Kifayət qədər və keyfiyyətli yuxu
Yuxu zamanı bədənimiz bərpa olur, immun hüceyrələr aktivləşir. Az yatan insanlar daha çox xəstələnir.
4. Stressi idarə etmək
Uzunmüddətli stress immun sistemini zəiflədir. Kortizol hormonu bədənin müdafiə gücünü azaldır. Nəfəs məşqləri, meditasiya və dua, təbiyyət gəzintiləri, hobbilərlə məşğul olmaq rahatlama üsullarındandır.
5. Zərərli vərdişlərdən uzaq durmaq
- Siqaret immuniteti zəiflədir, ağciyərləri zədələyir.
- Alkoqol immun hüceyrələrin fəaliyyətini yavaşladır.
- Hərəkətsizlik və fast-food isə orqanizmə zərər verir.
6. Bədəni susuz qoymamaq
Su bədəndə toksinlərin atılmasına və hüceyrələrin sağlam qalmasına kömək edir. Gündə ən azı 6–8 stəkan su içmək, qazsız, şəkərsiz təmiz suya üstünlük vermək lazımdır.