Son illərdə aparılan müşahidələr ürək-damar xəstəliklərinin, xüsusilə də infarktın yaşlanmadığını, əksinə cavanlaşdığını göstərir. Kardioloqlar bildirir ki, infarktın ən çox rast gəlindiyi yaş dövrü hələ də dəyişməz olaraq qalır, lakin gənclər arasında da halların artması narahatlıq doğurur.
Foodinfo.az xəbər verir ki, kişilərdə infarkt riski əsasən 45 yaşdan sonra kəskin yüksəlir, pik dövr isə 50–60 yaş arası müşahidə olunur.
Qadınlarda isə hormon balansının qoruyucu təsiri səbəbindən risk 55 yaşdan sonra artır və 60–70 yaş arası daha çox qeydə alınır.
Lakin həkimlər xəbərdarlıq edir: son illərdə 30–40 yaş arası insanlarda da infarkt halları nəzərəçarpacaq dərəcədə çoxalıb. Bunun əsas səbəbləri stressli iş rejimi, qeyri-sağlam qidalanma, siqaret, artıq çəki, şəkərli diabet və hərəkətsiz həyat tərzidir.
Ekspertlər vaxtında tibbi müayinələrin, təzyiq və xolesterin nəzarətinin, həmçinin gündəlik hərəkətin artırılmasının infarkt riskini əhəmiyyətli dərəcədə azaltdığını vurğulayırlar.






