Bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, ölkə ərazisində bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri (pestisid və bioloji preparatlar) və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirilir.
Foodinfo.az-ın məlumatına görə, AQTA və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə keçirilən monitorinqlər çərçivəsində indiyə kimi 185 pestisid və aqrokimyəvi maddələrin satış yerinə baxış keçirilib. Bu obyektlərdən 60-ı pestisid, 104-ü aqrokimyəvi maddə olmaqla, ümumilikdə 164 nümunə götürülərək, keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına göndərilib.
Nəzarət tədbirləri çərçivəsində tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı, istifadə müddəti bitmiş, qeydiyyatdan keçməmiş pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Belə ki, yoxlamalar zamanı 124 preparatın 6-nın tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı müəyyən edilib. Digər 40 nümunənin analizi isə davam edir.