Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyidir və onları qəfildən rasiondan çıxarmaq ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə pəhriz saxlamağı planlayan şəxslər arasında “karbohidratsız pəhriz” trendi populyarlıq qazanıb, lakin dietoloqlar bu yanaşmaya qarşı xəbərdarlıq edirlər.

Foodinfo.az xəbər verir ki, karbohidratı birdən-birə kəsmək nəticəsində enerji çatışmazlığı, qan şəkərində dalğalanmalar, tez yorulma və başgicəllənmə kimi hallar müşahidə oluna bilər. Eyni zamanda əzələ itkisi və metabolizmanın yavaşlaması da mümkün risklər sırasındadır.

Tam taxıllar, yulaf, kəpəkli çörək, paxlalılar və tərəvəzlər kimi kompleks karbohidratlar gündəlik rasionda saxlanmalıdır. Bu cür qidalar həm uzun müddət toxluq hissi yaradır, həm də enerji səviyyəsini stabilləşdirir.

Karbohidratı tədricən azaltmaq və əvəzində zülal və sağlam yağlarla balans yaratmaq daha təhlükəsiz və effektiv yanaşmadır. Qəfil kəsmək əvəzinə planlı və balanslı pəhriz sağlamlıq üçün daha uyğun sayılır.