Gecə istirahətinin keyfiyyəti insanın ümumi sağlamlığına birbaşa təsir göstərir və düzgün yuxu rejimi böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda cütlüklərin ayrı yatması daha faydalı ola bilər. Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, tibb elmləri doktoru Roman Buzunov bu barədə açıqlama verib.
Onun sözlərinə görə, əsas problemlərdən biri yer darlığıdır. Standart iki nəfərlik çarpayının eni 140–160 santimetr olur ki, bu da hər bir şəxsə cəmi 70–80 santimetr yer deməkdir. Bu qədər məhdud sahə gecə rahat hərəkət etməyə imkan vermir. Xorlama, tez-tez çevrilmə, yorğanın çəkilməsi və bədən istiliyinin artması birgə yuxu zamanı narahatlıq yaradan əsas amillərdir. İngiltərədə 2024-cü ildə aparılmış araşdırmada məhz bu məqamların birgə yuxuda ən çox narazılıq doğurduğu qeyd olunub.
Mütəxəssis bildirib ki, yatmazdan əvvəl yaxınlıq və səmimi ünsiyyət daha tez yuxuya getməyə kömək edə bilər, lakin bu, gecə boyu rahat istirahətə zəmanət vermir. O vurğulayıb ki, keçmiş dövrlərdə imkanlı ailələr ayrı otaqlarda yatır, axşam vaxtını birlikdə keçirdikdən sonra gecə istirahətinə ayrıca gedirdilər. Müasir dövrdə də bir çox ailə rahat yuxu üçün bu üsula üstünlük verir. Əgər birgə yatmaq vacib sayılırsa, o zaman ən azı 180 santimetr, daha yaxşı isə 200–220 santimetr enində çarpayı seçilməsi tövsiyə olunur. Bu halda həm rahatlıq, həm də sağlam yuxu təmin oluna bilər.






