Oynaqlarda yaranan problemlər artıq yalnız yaşlı insanlara aid sayılmır və gənclər arasında da bu hal geniş yayılır. Son illər 25–35 yaş arası şəxslərdə oynaq aşınmasının artması mütəxəssisləri narahat edir. Foodinfo.az NEWS saytına istinadla xəbər verir ki, məşqçi Olqa Yablokova erkən oynaq aşınmasının əsas səbəblərini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, dayaq-hərəkət sistemi xəstəlikləri təkcə yaşla bağlı yaranmır. O bildirib ki, qığırdaq toxuması əsasən həyat tərzinin təsiri altında zədələnir. Oynaqların həddindən artıq yüklənməsi, zədələr, artıq çəki, oturaq həyat tərzi, qeyri-düzgün qidalanma və zərərli vərdişlər bu prosesə ciddi təsir göstərir. Xüsusilə hazırlıqsız şəkildə ağır idmanla məşğul olmaq və düzgün qaydalara əməl etməmək oynaqlarda vaxtından əvvəl aşınmaya səbəb ola bilər.
Bununla yanaşı, hərəkətsizlik də böyük risk yaradır. Gün ərzində az hərəkət etmək, əzələlərin zəifləməsi və oynaqların kifayət qədər qidalanmaması qığırdaq toxumasının zəifləməsinə gətirib çıxarır. Mütəxəssis əlavə edib ki, köhnə zədələr də illər sonra öz təsirini göstərə bilər. Vaxtilə alınmış əzik, çıxıq və ya sınıqlar tam bərpa olunmadıqda gələcəkdə oynaq problemləri yarada bilər. Orqanizmdə mühüm mineral maddələrin çatışmazlığı da bu xəstəliyin yaranma ehtimalını artırır. Sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm, ölçülü hərəkət isə oynaqların uzunömürlü olmasına kömək edir.






