Kartofun yaxşı qalmasına yumruların keyfiyyəti və lazımi şəraitin yaradılması həlledici təsir göstərir. Yalnız sağlam, mexaniki zədələnmələrsiz və donvurmamış yumrular yaxşı qalır. Kartofu artıq yığılma zamanı saxlanmaya hazırlamaq lazımdır. Yığımı imkan daxilində quru havada aparmaq və onu şaxtalar düşənədək qurtarmaq lazımdır. Yığım prosesində xəstə və zədələnmiş yumrular ayrıca qaba yığılmalı və qısa müddətdə saxlanıb istifadə edilməlidir. Kartofu ehtiyatla yığmaq, onu tullamamaq və yavaşca səbətə qoymaq lazımdır. İti çıxıntıları olan qabdan istifadə edilməməlidir. Zədələnmiş yumrularda çürümə əmələ gətirən ziyanlı mikroorqanizmlər asanlıqla inkişaf edir. Xəstə yumrular tez cücərməyə başlayır, güclü tənəffüs sayəsində onlar nişastanı çox sərf edirlər.
Yaş kartofu mütləq qurutmaq və torpaqdan təmizləmək lazımdır. Bu iş açıq binada, çardaq altında, yaxud həyətdə yerinə yetirilməlidir. Günəş yanığı olmaması üçün yumrular günəş altında yox, kölgədə qurudulmalıdır. Yanmış yumrular tez xarab olur. Saxlanmaya qoymaqdan əvvəl yumruları yumaq olmaz. Kartofun saxlanması zamanı bir çox şərtlər, yəni temperatur və havanın nisbi nəmliyi optimal normada saxlanmalıdır. Yumruların mexaniki zədələnmələrinin müalicəsindən, onların uzun müddətli saxlanmaya hazırlanmasından və yumruların tığda tədricən soyudulmasından sonra saxlanmaya qoyulmuş sortun xüsusiyyətləri nəzərə alınmaqla temperatur 2-4oC səviyyəsində saxlanmalıdır. Havanın nisbi nəmliyi 85-90% olmalıdır.
Kartofu isti zirzəmilərdə, anbarlarda və dəhlizlərdə, həmçinin quyularda saxlamaq olar. Zirzəmilərdə, anbarlarda saxlanan yumruları hündürlüyü 1 metrə qədər olan yeşiklərə tökürlər. Bu zaman yeşiklərdə deşiklərinin diametri 2-3 sm olan şəbəkəli döşəmə və işıq yeri olan divarlar düzəldilir. Yeşiklərin eni 1 metrə qədər olmalıdır. Əgər kartof saxlanan binada döşəmə beton, daş yaxud torpaqdırsa, onda yeşik hündürlüyü 20 sm olan tirlərin üstünə qoyulur. Kartof ilə anbarın tavanı arasında 60-80 sm hündürlüyündə boş sahə qalmalıdır.
Yumruları qabda da saxlamaq olar. Bundan ötrü səbətlərdən və dibinə şəbəkəli taxtalar vurulmuş qutulardan istifadə edirlər. Yumrulara havanın sərbəst daxil olması üçün qutuların altına dayaqlar qoyurlar.
Binanın soyudulması, yaxud onun isidilməsi yolu ilə optimal saxlama rejimləri yaradılmasına nail olmaq mümkündür. Bundan ötrü, məsələn, payızda şaxtalar düşənə qədər gecələr lyuklar, nəfəsliklər, yaxud pəncərələr açıq saxlanılır. Gündüzlər onları örtürlər ki, soyuq ehtiyatı saxlanılsın. Yazda istilər düşən zaman temperaturun qalxmasının qarşısını almaq üçün qısa müddətə lyukları, yaxud nəfəslikləri açırlar ki, temperatur 20 oC-yə düşsün. Bunu ehtiyatla etmək lazımdır ki, kartofu soyuq vurmasın. Qış dövründə binada havanın temperaturu sıfırdan aşağı düşəndə kartofu küləş, həsir, kisə materialı ilə örtmək, yaxud binanı isitmək lazımdır.
Binada havanın nisbi nəmliyini yüksəltmək üçün su çiləmək, ya yaş kisələr, ya da əskilər asmaq üsullarından istifadə edirlər. Otağın havasını dəyişdirəndə nəmlik aşağı düşür. Bunun qarşısını almaq məqsədi üçün oraya içində sönməmiş əhəng olan qutular qoymaq olar. Zirzəmilərdə kartofun saxlanması zamanı bəzən yumrular cücərir və çürüyür. Bu, hava nəm və temperatur yüksək olanda baş verir.
İstər toxumluq, istərsə də ərzaq kartofunu qaranlıq, yaxşı havası dəyişdirilən binada başlanğıc dövrdə müsbət 5-6 dərəcə temperaturda, sonra isə müsbət 1-2 dərəcə temperaturda saxlanmalıdır. Havanın nəmliyi 85-90 %-dən aşağı olmamalıdır.
Tərəvəz anbarlarını (zirzəmi) əvvəlcədən hazırlamaq lazımdır: ventilyasiya deşikləri metal torlarla örtülməli, bütün deşiklər diqqətlə tutulmalıdır ki, binaya gəmiricilər daxil ola bilməsinlər. Divarlar, tavan, rəflər əhəng məhlulu ilə ağardılmalı, ona mis kuporosu əlavə edilməli (10 litrə 10-20 q) , sonra ventilyasiya deşikləri, lyuk (baca) yaxud qapı sıx örtülməli, 4-5 gündən sonra isə açılaraq, binanın havası yaxşıca dəyişdirilməlidir.
Kartofu yığımdan dərhal sonra saxlanmaya hazırlamaq lazımdır. Yumruları yumaq məqsədəuyğundur. Bu zaman onların səthində olan bütün mikroorqanizmlər yuyularaq təmizlənir, əks halda, saxlanma prosesində onlar çürümə yarada bilər. Yumrular tez, cəmi 2-3 dəqiqəyə yuyulmalı sonra yaxşı-yaxşı qurudulmalıdır.
Toxumluq yumrular yuyulduqdan və qurudulduqdan sonra, dezinfeksiya olunmaqdan ötrü 2-4 dəqiqə ərzində kalium-permanqanat (marqansovkanın) və mis kuporosu əlavə edilmiş (10 litrə 5-7 q) sulu məhluluna (açıq-bənövşəyi rəngli) salınır. Dezinfeksiyadan sonra yumruları yaxşı qurutmaq və yaşıllaşdırmaq lazımdır. Yaşıllaşdırma müddəti ən azı 10-15 gün olmalıdır. Yaşıllaşdıırılmış yumrular gəmiricilər tərəfindən az zədələnir və daha yaxşı saxlanır.
Toxumluq kartof saxlanarkən nəzərə alınmalıdır ki, faraş sortlar gec yetişən sortlara nisbətən pis saxlanır. Ona görə də faraş sortlar yığılmış qutular anbarın daha soyuq yerinə qoyulmalıdır ki, onların vaxtından əvvəl cücərməsinin qarşısı alınsın.
Toxumluq kartofu çox külləmək olmaz, belə ki, gözcüklərin yanığı baş verə bilər.
7. Toxumluq kartofun hər sortu ayrıca ağac qutularda(yeşiklərdə) saxlanmalıdır. Bu zaman sortun adı yazılmış birkaların olması vacibdir.
Yeməkdən ötrü kartofu qutularda, yaxud bölmələrdə saxlamaq olar. Bölmədə saxlanan yumrular divarlara toxunmasın deyə, taxta lövhələrlə divarlardan və döşəmədən ayrılmalıdır.
Daha uzunmüddətli saxlamaq məqsədi ilə nöqsanları olmayan ən iri yumruları 1-3 dəqiqə qaynar suda saxlamaq , sonra isə qurulamaq lazımdır. Bundan sonra onlar cücərməyəcək.
Saxlanan kartofun üstünə çuğundur və digər kökümeyvəlilər qoymaq olar, onlar rütubəti “çəkirlər”.
Tavanda əmələ gələn su damlalarının yumruların üstünə düşməsinin qarşısını almaqdan ötrü polietilen plyonkadan “asma tavan” düzəltmək məsləhətdir.
Həddindən artıq soyumuş kartofu isti və nəm anbara yığmaq olmaz, çünki onlarda dərhal nəmişlik əmələ gələr ki, bu da sonralar onun çürüməsinə səbəb olar.