"Ətraf mühitin müdafiəsi haqqında" Qanuna edilmiş dəyişikliklərə görə, 2021-ci il iyulun 1-dən etibarən plastik tərkibli bir sıra məmulatlardan istifadə qadağan edilib.
Foodinfo.az xəbər verir ki, bir çox şirkətlər ətraf mühit üçün böyük təhlükə törədən plastik məmulatlardan imtina etməyə başlayıb.
Qeyd edək ki, plastik 100 - 500 il ərzində parçalanır. Bu müddət ərzində onu qida kimi qəbul edən minlərlə dəniz heyvanı və milyonlarla quş tələf olur.
“McDonald’s Azərbaycan” bir sıra həllər tətbiq edərək plastikdən istifadəni azaldan şirkətlərdən biridir. Şirkət plastikin əvəzləyicisi qismində bioloji parçalana bilən və sertifikatlaşdırılan materiallardan istifadə edir.
Şirkətdən bildirilib ki, arxada qalan 1 il ərzində şirkət plastikdən istifadəni 35 tondan çox azaltmağa nail olub.
“McDonald’s Azərbaycan” şirkətinin istifadə etdiyi kağız və karton qablaşdırmalar meşələrə zərər vurmayan sertifikatlı xammaldan hazırlanır. Bu, “McDonald's” restoranlarının fəaliyyətini daha ekoloji və əsas bioloji ehtiyatların beynəlxalq sertifikatlaşma tələblərinə cavab verən hala gətirməyə imkan verir.
“Çalışırıq ki, restoranlarımızda istifadə edilən qablaşdırmalar və materiallar sadəcə tuallantıya çevrilməsin, əksinə, qapalı dövrə iqtisadiyyatının tərkib hissəsinə çevrilsin (klassik xətti istehsal modelini əvəz etmək üçün nəzərdə tutulan qapalı dövrə iqtisadiyyatı əsas diqqəti tullantıların və digər çirkləndirmə növlərinin minimuma endirilməsinə yönəldir – müəllifin qeydi). Korporasiyanın qablaşdırma və tullantılarla bağlı strategiyası təmizliyə riayət etməyə, planetimizi gələcək nəsillər üçün qoruyub saxlamağa və uzunmüddətli perspektivdə biznesimizin dayanıqlılığını təmin etməyə yönəlib”, - şirkətdən bildirilib.
“McDonald's” şirkəti öz restoranlarının iş prosesində innovativ ekoloji həlləri daim sınaqdan keçirir və tətbiq edir.
“Məqsədimiz qablaşdırma istehsalında sertifikatlaşdırılmış, emal olunmuş və ya bərpa olunan xammaldan istifadəni 100% səviyyəsinə çatdırmaq və 2025-ci ilin sonunadək daha ekoloji materiallara keçməkdir. 2018-ci ildən etibarən faydalı qazıntıdan (neftdən) əldə olunan plastikdən istifadəni azalda bilmişik və onun payının daha da azaldılması üzərində işləri davam etdiririk. Əvəzedici qismində bərpa olunan, emal olunmuş və sertifikatlaşdırılmış mənbələrdən hazırlanmış materiallardan istifadə edirik”, - şirkətdən bildirilib.
Korporasiyanın planlarına görə, 2025-ci ilədək dünyanın 120 ölkəsində fəaliyyət göstərən 38 mindən çox “McDonald's” restoranında istifadə edilən məhsul qablaşdırması və ləvazimatları bərpa olunan, emal materiallarından istehsal olunacaq.