Milli Məclis Azərbaycanda dövlət qeydiyyatına alınmayan məhsulların dövriyyəsini qadağan edən layihəni birinci oxunuşda qəbul edib. Foodinfo.az-ın xəbərinə görə, bu, "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd edilib ki, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydaları həmin məhsulların xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Məhsulların qeydiyyatının aparılması məqsədilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur. Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.